“Xocalı harayı” adlı anım tədbiri

Fevralın 24-də 189-190 №-li tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı anım tədbiri keçirildi. YAP Səbail rayon təşkilatı və 189-190 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, partiya təşkilatının İdarə Heyəti və Rayon Şurasının üzvləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.

Məktəbin direktoru Ceyran Kuliyeva tədbiri açıq elan edərək, qeyd etdi ki, tədbirin əsas məqsədi tarixi qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımı həqiqətlərinin məhz gənc nəslin nümayəndələrinin, məktəblilərin dilindən səsləndirilməsi və bu faciəvi hadisələrdən gələcəyimizin təminatçısı olan uşaqlarımızın ibrətamiz dərslər çıxarmasıdır.

Sonra məktəb şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən təsirli ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.

Çıxış edən Şəmsəddin Hacıyev gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüdülməsi və Azərbaycan tarixinin dərindən öyrənilməsində bu səpkidə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, I Pyotr dövründən başlayaraq xanlıqlar və çar Rusiyası dönəmində ermənilərin düşünülmüş və məqsədyönlü şəkildə Azərbaycanın ən zəngin torpaqlarına köçürülməsi və bu çirkin siyasətin bolşevik Rusiyası dövründə də davam etdirilməsi haqqında ətraflı məlumat verdi. Azərbaycan tarixinin ən hüzünlü səhifələrindən biri olan Xocalı soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət aktı olduğunu qeyd edən deputat XXI əsrin astanasında etnik zəmində törədilmiş bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin hələ də susmasının təəssüf doğurduğunu bildirdi. Ölkəmizdə xalq-iqtidar-ordu birliyi o qədər güclü olmalıdır ki, biz Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olmalıyıq. Aprel hadisələri göstərdi ki, Azərbaycanın elə bir güclü, qüdrətli ordusu var ki, biz iki həftə ərzində nəinki Qarabağı, əzəli torpaqlarımızı da qaytara bilərik, Azərbaycan bayrağını İrəvanda da sanca bilərik. Bu gün dünya elə bir sistem dəyişikliyinə məruz qalıb ki, beynəlxalq iqtisadi, siyasi qaydalar, beynəlxalq hüquq işləmir, BMT-nin qəbul etdiyi qərarlar işləmir. Bu səbəblə də, biz güclənməliyik, bu hadisələrin təkrarlanmaması üçün gənclərimiz güclü, hazır, sağlam olmalıdır, yeni biliklərə yiyələnməlidirlər. Biz Vətənimizi, torpağımızı, milli dəyərlərimizi müqəddəs hesab etməliyik, bu dəyərlərimizə qəlbən bağlı olmalıyıq.

Tədbirə yekun vuran C.Kuliyeva Azərbaycan tarixində bir daha belə üzücü səhifələrin olmamasını və gələcəkdə bir araya gələrək ölkəmizin, cənab prezident İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının, Azərbaycan ordusunun möhtəşəm qələbələrini, uğurlarını qeyd etməyi arzuladı.