YAP Səbail rayon təşkilatında “15 iyun – Milli Qurtuluş Günü” qeyd olundu
10 iyun 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərargahında “15 iyun – Milli Qurtuluş günü” münasibətilə tədbir keçirildi.
YAP İdarə Heyətinin və Siyasi Şura üzvlərinin, Səbail rayon İcra Hakimiyyəti nümayəndələrinin, partiya veteranlarının, ərazi təşkilat sədrlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, tələbələrin və gənc partiya fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə “Milli Qurtuluş Günü”nün 23-cü ildönümünə həsr olunan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışını əks etdirən video film nümayiş olundu.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan xalqı üçün müstəsna tarixi əhəmiyyəti olan və müstəqillik tariximizə “Milli Qurtuluş günü” kimi daxil olmuş “15 iyun 1993-cü il” hadisələri haqqında ətraflı bəhs etdi.
YAP veteranları və Səbail rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri prof. Vilayət Əliyev və Rizvan Vahabov o dövrdə baş verən hadisələrin şahidləri kimi bu əlamətdar günün xalqımızın müstəqillik tarixindəki rolundan, 91-lərdən və bugünkü çiçəklənən Azərbaycanın banisi dahi siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdılar.
Tədbirin sonunda məktəblilərdən Ağayeva Həqiqət və Xəlilli Məhəmməd Nəbi Xəzrinin “İstiqlal marşı” və Sərdar Zeynalın “Döyüşə hazırıq” şeirlərini səsləndirdilər.