YAP Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edildi

06 may 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi.

Partiya təşkilatının Rayon Şurası və İdarə Heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin, YAP veteranlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev giriş sözü ilə açdı. Ulu Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan xalqının tarixinə, bu gününə və gələcəyinə əbədi həkk olunduğunu vurğulayan millət vəkili, Azərbaycan dövlətçiliyi və xalqı üçün Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən – ölkəmizin ən çətin anlarında onun böyük xilaskar missiyasından, müstəqilliyimizin əldə olunması və onun qorunub saxlanılmasında, ölkənin düşdüyü dərin siyasi və iqtisadi böhrandan və məhv olmaq təhlükəsindən xilas etməsindən, iqtisadiyyatımızın bazar mexanizmləri əsasında qurulmasında, cəmiyyət həyatının demokratikləşməsində, siyasi və iqtisadi sabitliyin təmin olunmasında və s. əvəzsiz xidmətlərindən danışdı və Azərbaycan durduqca Ümummilli Liderimizin də yaşayacağını və onun unudulmaz xatirəsini ehtiramla yad edəcəyimizi qeyd etdi.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və zəngin dövlətçilik fəaliyyətini əks etdirən videofilm nümayiş olundu.

Tədbirdə ADİU-nun professoru i.e.d., prof. Əvəz Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müşaviri, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü prof. Vilayət Əliyev, “Səs” qəzetinin baş redaktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdılar.