YAP Səbail rayon təşkilatının təsis edilməsinin 24-cü ildönümünə və 2016-cı ildə görülmüş işlərin yekunlarına həsr edilmiş tədbir

Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təsis edilməsinin 24-cü ildönümünə və 2016-cı ildə görülmüş işlərin yekunlarına həsr edilmiş tədbir keçirildi.

“Monolit Plaza” otelində keçirilmiş tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, rayonun idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri, partiya təşkilatının Rayon Şurası və İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiyanın gənc fəalları, tələbələr və çoxsaylı qonaqlar iştirak etdilər.

Qonaqları salamlayan Şəmsəddin Hacıyev partiya təşkilatının təsis olunmasının 24-cü ildönümü münasibətilə partiya təəssübkeşlərini təbrik edərək, qeyd etdi ki, YAP Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə təsis olunduqdan sonra ilk yaranan rayon təşkilatlarından biri Səbail rayon təşkilatı olmuşdur. Ötən dövr ərzində partiya təşkilatının keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs edən sədr diqqətə çatdırdı ki, YAP Səbail rayon təşkilatı partiya siyasətinin təbliğində hər zaman avanqard rol oynamış və bu istiqamətdə uğurla fəaliyyət göstərmişdir.

Sonra YAP Səbail rayon təşkilatının 2016-cı il ərzindəki fəaliyyətinin yekunlarını əks etdirən təqdimat nümayiş olundu. Hesabat məruzəsində qeyd edildi ki, YAP Səbail rayon təşkilatının üzvlərinin sayı 24 min 509 nəfərdir. Bunlardan 13 min 725-i qadınlar (56%), 16 min 169 nəfəri (66%) isə gənclərdir. Hesabat dövründə partiyaya 499 nəfər üzv olub ki, onun da 369-u gənc, 270-i isə qadın olub. Rayon təşkilatı bələdiyyələrdə 8, Milli Məclisdə isə 9 üzvlə təmsil olunur. Ali təhsilli üzvlərin sayı 9021 nəfərdir ki, onlardan da 496-sı elmlər namizədi, 110-u isə elmlər doktorudur. Partiyanın “Qızıl Fondu” adlandırılan 91-lərdən 20 nəfəri rayon partiya təşkilatının üzvləridir. Ötən il YAP Səbail rayon təşkilatı ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak ediblər, müxtəlif konfrans, seminar, “dəyirmi masa” və müsabiqələr keçiriblər.

Milli Məclisin sədr müavini Bahar Muradova tədbirdə çıxış edərək xalqımızın qədim və zəngin tarixinin, ölkəmizin uğurlarının təbliğində YAP-ın, o cümlədən partiyanın Səbail rayon təşkilatının üzvlərinin, xüsusən də gənclərin rolunu yüksək qiymətləndirdi. Təşkilatın ötən 24 ildə ərzində fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayan B.Muradova YAP-ın bütün üzvlərinin partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin inkişafı prosesinə mühüm töhfə verdiklərini diqqətə çatdırdı. Hazırda YAP-ın bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirildiyini, partiyaya yeni nəfəs gəldiyini deyən Milli Məclisin sədr müavini əldə olunan uğurlarda partiyanın veteranlarının mühüm rolunu qeyd etdi, qarşıdakı illərdə təşkilatın üzvlərinə uğurlar arzuladı.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əlamətdar gün münasibətilə təşkilatın üzvlərini təbrik etdi. YAP-ın regionda ən böyük siyasi qüvvəyə çevrildiyini vurğulayan E.Əzizov partiyaya yeni üzvlərin, xüsusən gənclərin cəlb olunması istiqamətində geniş təbliğat işinin aparılmasının, Heydər Əliyev irsinin, İlham Əliyev siyasətinin dərindən təhlil olunaraq öyrənilməsinin vacibliyini qeyd etdi. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırdı.

Digər çıxışlarda da YAP Səbail rayon təşkilatının ötən ildəki fəaliyyəti yüksək qiymətləndirildi. Sonda hesabat məruzəsi səsə qoyularaq təsdiq edildi.