YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə aztəminatlı rayon sakinlərinə Qurban bayramı sovqatları paylanıldı

İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilmiş Azərbaycan həmişə milli-mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmişdir. Mərhəmət və həmrəylik təcəssümü olan müqəddəs Qurban bayramının ölkəmizdə xüsusi təntənə ilə qeyd olunması buna bariz nümunədir.

Bütün dünya müsəlmanlarının əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatı hər il olduğu kimi bu il də öz ənənəsinə sadiq qaldı və aztəminatlı rayon sakinləri üçün növbəti bayram aksiyasını həyata keçirdi.

Rayon partiya təşkilatının təşkilatçılığı və xeyirsevər insanların maddi və mənəvi dəstəyi ilə Səbail rayonunda yaşayan yüzdən çox aztəminatlı ailəyə, o cümlədən Qarabağ müharibəsi veteranlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinin qeydiyyatında olan əlil, tənha, ahıl və kimsəsiz rayon sakinlərinə Qurban bayramı sovqatları paylanıldı.

Partiya təşkilatının qərargahında reallaşdırılan xeyriyyə tədbiri çərçivəsində bayram sovqatlarını alan rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına, rayon rəhbərliyinə və xeyirxah insanlara təşəkkür etdilər.

YAP Səbail rayon təşkilatı olaraq, bütün rayon sakinlərini müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Allah kəsdiyiniz qurbanları və xeyirliyə vəsilə olan bütün niyyət və dualarınızı qəbul etsin! Amin!