Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü qeyd olundu
Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Tədbir iştirakçılarını Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin adından salamlayan rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev hər kəsi partiyanın yaradılmasının 24 illiyi münasibətilə təbrik etdi. Bu əlamətdar tarixin həm respublika səviyyəsində, həm bütün rayon təşkilatlarında yüksək səviyyədə qeyd olunduğunu bildirən M.Nağıyev çıxışında partiyanın yarandığı tarixi şəraitə nəzər saldı, YAP-ın 24 il ərzində keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolu haqqında danışdı və günümüzdə partiya təəssübkeşlərinin öhdəsinə düşən ümdə vəzifələr barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri Hacan Hacıyev və Rizvan Vahabov, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova tədbir iştirakçılarını, bütün YAP üzvlərini və Səbail rayon ictimaiyyətini YAP-ın yaradılmasının 24 illiyi və “17 noyabr – Milli Dirçəliş Günü” münasibətilə ürəkdən təbrik etdilər. Müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi əhəmiyyətli obyektiv hadisə kimi qiymətləndirən natiqlər Azərbaycanda 1980-ci illərin sonundan başlayan milli oyanış hərəkatının Ulu Öndərin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışı ilə nəticələnməsini zamanın və taleyin Azərbaycan xalqına bir töhfəsi olduğunu bildirdilər. Qeyd olundu ki, həqiqətən də Heydər Əliyev kimi xarizmatik və qətiyyətli liderin məhz o dövrdə ölkədə hakimiyyətə gəlməsi Azərbaycanın parçalanmaq və yox olmaq təhlükəsindən qurtardı. Siyasi partiyanın gücü ümumxalq seçkilərində qazanılmış qələbələrlə ölçülür və sevindirici haldır ki, YAP görülmüş işlər və əldə olunmuş uğurlar sayəsində ötən 24 il ərzində Azərbaycan xalqının səmimi rəğbətini qazanaraq əsl ümumxalq partiyasına çevrilmişdir.
YAP gəncləri adından çıxış edən YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov partiyanın yaradılmasının ildönümü münasibətilə hər kəsi təbrik edərək YAP gənclər qolunun bu gün Cənubi Qafqazın bütün siyasi partiyaları arasında avanqardlığı və intellektual potensialı baxımından seçildiyini qeyd etdi.
Səslənən bütün çıxışlarda əminliklə qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq uğurlara imza atacaqdır.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələrinin təqdimetmə mərasimi keçirildi.