Milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunan “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimat mərasimi keçirildi

İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universitetində tarix üzrə fəlsəfə doktoru Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın babası, milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 170 və vəfatının 100 illiyinə həsr etdiyi “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Dilarə Ağamusa Nağıyeva-Muxtarova yaşadığı dövrdə xalqının, millətinin maariflənməsi, dünyagörüşünün ümumi mədəni səviyyəsinin yüksəlməsi istiqamətində böyük xidmətləri olan və tarixə əfsanəvi milyonçu kimi daxil olan Ağa Musa Nağıyevin həyatının müxtəlif səhifələri, insani keyfiyyətləri haqqında xatirələrini bölüşərək bildirdi ki, “Hər ömür bir tamaşa” kitabı babasına həsr etdiyi sayca 7-ci kitabıdır. Qeyd olundu ki, kitabın çap olunmasında əsas məqsəd Ağa Musa Nağıyevin həyatı, fəaliyyəti, tariximiz haqqında tam məlumatların oxuculara çatdırılmasıdır.

Bugünkü tədbirin bu tarixi binada keçirilməsini xüsusi əlamətdar hadisə kimi qiymətləndirən D.Nağıyeva-Muxtarova diqqətə çatdırdı ki, arxiv materialları ilə tanışlıq zamanı hazırki Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasının tikintisi barədə Ağa Musa Nağıyevlə imzalanmış protokol-müqavilə üzə çıxmışdır. Müqavilədə qeyd olunmuşdur ki, xeyriyyəçi-milyonçu tikintiyə maliyyə vəsaitini bu şərtlə təqdim edir ki, burada müsəlman uşaqları təhsil alsın və binanın ən görkəmli yerində özünün və gənc yaşında vaxtsız dünyasını dəyişən oğlu Ağa İsmayılın portretləri asılsın. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası əsaslı surətdə yenidən qurularkən sözügedən arxiv materialları ilə tanış olan universitetin sabiq rektoru, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Ağa Musa Nağıyevin və oğlu Ağa İsmayılın portretlərini çəkdirmiş və Azərbaycan Dövlət İqtisad Universitetinin binasının ən görkəmli yerində – yəni Akt zalında asdırmışdır. D.Nağıyeva-Muxtarova 2009-cu ildə bugünkü tədbirin keçirildiyi akt zalında portretlərin asılması mərasimini həyatının ən unudulmaz və xoşbəxt məqamı kimi xatırlayaraq, millət vəkili Ş.Hacıyevə tarixə və tarixi yaradan şəxsiyyətlərin əziz xatirəsinə göstərdiyi hörmətə, diqqətə və ehtirama görə bir daha ürəkdən təşəkkür etdi.

Ağa Musa Nağıyevin Bakıda 100 bina tikdirmək arzusunda olduğunu, lakin ona yalnız 98 bina inşa etməyin qismət olduğunu bildirən D. Nağıyeva-Muxtarova qeyd etdi ki, babasının tikdirdiyi binaların hər naxışında neft milyonçusunun saf əməlləri, vətənpərvərliyi, milli təəssübkeşliyi hiss olunur. Ən böyük arzusunun Musa Nağıyevin tikdirdiyi 98 binanın sayını 100-ə çatdırmaq olduğunu xüsusi vurğulayan D. Nağıyeva-Muxtarova ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tariximizin, milli irsimizin qorunmasına göstərdikləri xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.

Çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva Ağa Musa Nağıyevin özünün tikdirdiyi binada 100 il sonra onun yad olunmasını, həyat və fəaliyyətinə həsr olunmuş kitabın təqdimatının keçirilməsini yalnız seçilmiş insanlara qismət olan fərqli tale olduğundan bəhs edərək, gənc nəslin Musa Nağıyev kimi nadir şəxsiyyətlərin həyatını dönə-dönə oxuyub araşdırmalarının və müvafiq dərslər çıxarmalarının əhəmiyyətinə diqqət çəkdi. Qeyd olundu ki, Ağa Musa Nağıyevin Azərbaycan xalqının, Azərbaycan qadının maariflənməsi hərəkatında müstəsna rolu olub, hər il şəxsən onun himayəsində 25 nəfər azərbaycanlı qız təhsil alıb, milyonçu Bakı şəhərində dörd böyük xəstəxana tikdirib, şəhərə təmiz su çəkilməsinə töhfə verib. Millət vəkili vurğuladı ki, Ağa Musa Nağıyev kimi vətənpərvər xeyriyyəçinin nümunəvi fəaliyyəti və həyat yolu gənclərimizin gələcəyə, həyata baxışında mühüm rol oynaya bilər, məhz bu səbəblə bu kimi kitabların nəşri və geniş oxucu kütlələrinə çatdırılması zəruridir.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müdiri, iqtisad elmləri doktoru prof. Şəmsəddin Hacıyev adından tədbir iştirakçılarını salamlayan YAP Səbail rayon təşkilatının Aparat rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Zəfər Bayramov xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycan xalqı üçün əbədiyaşar xidmətlər göstərən Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin yenidən tədqiq olunmasında Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın 27 ildir ki, şahidi olduğu yorulmaz və fədakar zəhmətindən danışdı. Hər bir şəxsin milli kimliyinin dərk olunmasında tarixi keçmişini əsaslı şəkildə öyrənməsinin əhəmiyyətinə diqqət çəkən Z.Bayramov bildirdi ki, tarixi bilmədən ərazini Vətən etmək, Vətənini sevən və qoruyan vətəndaş yetişdirmək mümkün deyildir. Bu mənada “Hər ömür bir tamaşa” kitabı Bakıda saysız-hesabsız möhtəşəm tikililərin inşasında mühüm rol oynayan Ağa Musa Nağıyevin təkrarsız həyatının öyrənilməsində son dərəcə dəyərli mənbə təşkil edir.

Bakının məşhur 11 milyonçusundan biri olan və gördüyü xeyriyyəçilik işləri ilə qədirbilən xalqımızın yaddaşına əbədi həkk olunan Ağa Musa Nağıyevin ömür səhifələrini vərəqləyərəq bu mövzuda apardıqları araşdırmalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının professoru, tarix elmləri doktoru prof. Hidayət Cəfərov və Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasının professoru, tarix elmləri doktoru prof. Abbas Seyidov vurğuladılar ki, A.M.Nağıyev tikdirdiyi binalar bu gün də xalqa xidmət edir.

Tədbirdə digər çıxış edənlər milli-mənəvi dəyərlərin aşılanması, maarif və səhiyyənin inkişafı istiqamətində gördüyü işlərlə Azərbaycan xalqının əbədi yaddaşına həkk olunan xeyriyyəçi-milyonçu Ağa Musa Nağıyevə həsr olunan “Hər ömür bir tamaşa” kitabının ərsəyə gəlməsindən və gənclərimiz üçün tariximizin və dahi şəxsiyyətlərimizin həyatının araşdırılmasındakı önəmindən danışdılar.

Tədbirin videoyazısı

”Hər ömür bir tamaşa”.,(Bakı gecələri) Kitabı