2019-cu il “Nəsimi ili” çərçivəsində Səbail rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd olundu

İyunun 20-də “Aktyor Evi”nin səhnəsində Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirildi və Bakı Dövlət Universitetinin tələbələri, o cümlədən YAP Səbail rayon Könüllülər Birliyinin incəsənət qrupu tərəfindən hazırlanan və ifa olunan “Ənəlhəqq” teatr tamaşası nümayiş olundu.

Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Rasim Balayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Azərbaycanın Xalq artisti, dünyaşöhrətli müğənnisi və böyük muğam ustadı Alim Qasımov, Səbail rayonu ictimaiyyəti nümayəndələri, ziyalılar, partiya fəalları, gənclər iştirak etdilər.

Tədbiri açıq elan edərək qonaqları Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, prof. Azər Paşa Nemətov və bütün kollektiv adından ürəkdən salamlayan Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan olunması və bu çərçivədə ölkə daxilində və xaricində silsilə tədbirlərin keçirilməsini xalqımızın mütəfəkkir şairi, milli ədəbiyyatımızda və fəlsəfə tariximizdə dərin iz qoymuş Seyid İmadəddin Nəsiminin ibrətlərlə dolu həyat yolunun və zəngin yaradıcılıq sərvətinin gənclərimiz tərəfindən əsaslı öyrənilməsi üçün böyük töhfə olduğunu diqqətə çatdırdı. Bu silsilədən olan və Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının koordinatorları – YAP Səbail rayon təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən, Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə keçirilən bugünkü tədbiri yüksək qiymətləndirən Xalq artisti bildirdi ki, gənclərimiz xalqımızın milli birliyinin təminatçısı olan milli-mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı, milli dövlətçilik ənənələrimizi, o cümlədən dahi şəxsiyyətlərimizin həyat və fəaliyyətini dərindən öyrənməli və müvafiq dərslər çıxarmalıdırlar.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi olaraq qiymətləndirdi. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması istiqamətindəki fəaliyyətini xüsusi vurğulayan millət vəkili diqqətə çatdırdı ki, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir. Məhz bu tədbirlərin keçirilməsi Nəsimi haqqında səsləndirilən ziddiyyətli fikirləri alt-üst etdi və onun Azərbaycan xalqına mənsubluğunu bir daha sübut etdi.

İmadəddin Nəsimini Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi xarakterizə edən deputat bildirdi ki, insan, cəmiyyət həyatında yaranan münasibətlər, insana olan məhəbbətin və insan azadlığının cəmiyyətin inkişafındakı rolu orta əsrlərdən etibarən poeziya sənət inciləri arasında öz müstəsnalığı ilə seçilən Nəsimi yaradıcılığının əsas mövzularını təşkil etmişdir və şerləri ilə fəlsəfi fikir tarixində özünəməxsus iz qoyan mütəfəkkir şair Nəsiminin şerlərində toxunduğu mövzular cəmiyyət üçün bu gün öz aktuallığını qoruyur. Ş.Hacıyev vurğuladı ki, Azərbaycan xalqı dünya poeziya sənətinə böyük töhfələr bəxş edən Nəsiminin 650 illik yubileyini ən yüksək səviyyədə qeyd etməklə və dahi Azərbaycan şairinin yaradıcılığını bütün 2019-cu il boyunca müxtəlif səpkili tədbirlərlə tərənnüm etməklə bir daha milli-mənəvi dəyərlərinə olan bağlılığını və tariximizə, dahi şəxsiyyətlərimizə olan ehtiramını nümayiş etdirir.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İmadəddin Nəsimini tanımaq və tanıtmaq istiqamətində görülən işlər haqqında geniş məlumat verdi. Bildirildi ki, Nəsiminin 600 illik yubileyi ərəfəsində Sovet dövründə məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Nəsimi yaradıcılığı ümumrespublika səviyyəsində diqqət mərkəzinə gətirilmiş, dahi mütəfəkkir şairin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakının mərkəzində şairin abidəsi ucaldılmış, ona həsr olunan möhtəşəm film çəkilmiş, Fikrət Əmirovun müəllifi olduğu və Nəsimiyə həsr olunan balet səhnələşdirilmiş, bir çox yazıçılar və şairlər Nəsimini vəsf edən əsərlər yaratmışlar. Nazir müavini diqqətə çatdırdı ki, bu müsbət ənənə ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə davam etdirilir və gənclərimiz bu gün Nəsiminin həyat mübarizəsini, yaradıcılığını öyrəndikcə onun əqidə və amalları uğruna nümayiş etdirdiyi fədakarlıq, cəsarət, dönməzlik və dəyanətindən nümunə götürərək bu yüksək insani keyfiyyətləri öz fəaliyyətlərində tətbiq etməlidirlər.

Mütəfəkkir Azərbaycan şairin həyatı, yaradıcılığı, Nəsimi irsinin təsir dairəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bildirdi ki, böyük Nəsiminin 650 illik yubileyinin qeyd olunması Azərbaycan xalqının bayramıdır. Çünki, bizim milli varlığımız tariximizi yaradan dahi şəxsiyyətlərin xidmətlərinin dərk olunması, ədəbiyyatımızın, tariximizin, milli adət-ənənələrimizin dərindən öyrənilməsinə bağlıdır. Azərbaycan xalqının bəxtəvərliyi isə bundadır ki, bizim tarixən Şah İsmayıl Xətai, Məhsəti Gəncəvi, Nizami, Füzili, Nəsimi, Xaqani Şirvani kimi nəhəng şəxsiyyətləri olub. Hər bir azərbaycanlının borcudur ki, bu milli sərvətimizi öyrənsin, qədrini bilsin və qorusun.

Nəsiminin böyük ölçüdə Azərbaycan xalqına dönməsinin 1926-cı ildə məşhur Azərbaycan ədəbiyyatşünası və orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtazın Nəsimi şerlərini toplayaraq onun haqqında kitab nəşr etməsi ilə reallaşdığını diqqətə çatdıran R.Hüseynov Nəsimi haqqında müxtəlif tədqiqatçıların araşdırmaları barədə geniş məlumat verdi. Qeyd olundu ki, Şamaxıda doğulub boya-başa çatan, bir neçə dildə qəzəllər yazaraq bütün Osmanlı və Mərkəzi Asiya ərazisində məşhurlaşan, fəlsəfi fikir tarixində yeni cığırlar açan Nəsimi yaradıcılığı daima xalq yığıncaqlarında, təzkirələrdə, şer məclislərində əks olunmuş, xanəndələr onun qəzəllərini səsləndirmiş və Nəsimi sözün əsl mənasında xalqın əbədi yaddaşına həkk etmişlər.

Komitə sədri Nəsiminin azərbaycanlı olub Azərbaycan xalqına mənsub olmasının təsdiqində Sovet dövründə Heydər Əliyevin xüsusi səyi nəticəsində Nəsiminin 600 illik yubileyinin 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmasının, bu yubileyin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsinin, Heydər Əliyev Fondu tərəfindən Nəsimi yaradıcılığına həsr olunan tədbirlərin keçirilməsinin və ölkə başçısının xüsusi sərəncamı ilə 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan olunmasının əhəmiyyətini vurğulayaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin xatirələrinin əbədiləşdirilməsi və yaradıcılıqlarının qorunaraq gənc nəsillərə çatdırılması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirdi.

Akademik diqqətə çatdırdı ki, Nəsimi fəlsəfi fikirlərlə zəngin yaradıcılığı, ana dilində şerlər yazması və Azərbaycan dilinin saflığını qoruması, ilahiləşdirdiyi insana hər əməlində bu yüksəkliyin və paklığın qorunması üçün verdiyi istiqamətlər və əqidəsi uğruna mübarizə apararaq şəhidlik zirvəsinə ucalması ilə xalqımız üçün daim ədəbiyyat günəşi olacaqdır. Hər birimizin borcu isə bu əbədi günəşin zərrələrindən faydalanmaqdır. Bugünkü tədbirin təşkilatçılarına – Yeni Azərbaycan Partiyasına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, YAP Səbail rayon təşkilatına və Azərbaycan Teatr Xadimləri İttifaqına ürəkdən təşəkkür edən R.Hüseynov görkəmli Azərbaycan şəxsiyyətlərinin həyat və yaradıcılıqlarına həsr olunan bu səpkili tədbirlərin maarifləndirici əhəmiyyətini xüsusi vurğuladı.

Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Rasim Balayev ona böyük populyarlıq qazandıran və sadə Azərbaycan insanına Nəsimini tanıdan “Nəsimi” filmindəki məşhur rolundan danışdı və böyük mütəfəkkir barədə öz fikirlərini bölüşdü. Xalq artisti bildirdi ki, mən özümü xoşbəxt aktyor hesab edirəm, çünki dahi şairin xatirəsinin əbədiləşdirildiyi filmdə Nəsimi obrazını onun sənəti, şerləri, fəlsəfəsi əsasında canlandırmaq məhz mənə nəsib olmuşdur. Nəsimi azərbaycanlıdır, lakin yaradıcılığı ümumbəşəridir. Gənclərimiz dünya ədəbiyyatı ilə tanış olmalıdırlar, lakin biz ilk növbədə öz klassiklərimizi, Azərbaycan xalqının dahi nümayəndələrinin yaradıcılığını dərindən öyrənməli, bilməli və təbliğ etməliyik.

Sonra Xalq artisti Rasim Balayev Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli muğam ustadı Alim Qasımovun möhtəşəm ifasında Nəsiminin “Allahü əkbər, еy sənəm, hüsnünə hеyran olmuşam” qəzəli səsləndirildi. Bu təkrarolunmaz möhtəşəm duet tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.

Tədbirin davamında YAP Səbail rayon Könüllülər Birliyinin incəsənət qrupu tərəfindən nəzmlə hazırlanan, ifa olunan və Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunan “Ənəlhəqq” teatr tamaşası nümayiş olundu. Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtki qəddar rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığının əsas götürüldüyü, mürid və mürşid, despot şah və həqiqət tələb edən şair, xeyir və şər, aşiq və məşuq münasibətlərinin ifadə olunduğu “Ənəlhəqq” tamaşasının layihə rəhbəri Rəşad İmanov, ssenari müəllifləri Rəhman Mirzəlizadə və Fehruz Rzayev, quruluşçu rejissor Cavidan Kəsəmənlidir.

Sonda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan bugünkü tədbirin təşkili və keçirilməsində fəal iştirak edən qonaqlar, sənətkarlar və gənclərə Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının koordinatorları – YAP Səbail rayon təşkilatı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Təşəkkürnamələr və Fəxri Fərmanlar təqdim olundu.

Tədbirin videoyazısı
AzTV
Video – Azərbaycan Respublikasının Xalq artistləri Rasim Balayev və Alim Qasımovun möhtəşəm ifası
Video – Xalq artisti Hacı İsmayılova YAP Səbail rayon təşkilatı tərəfindən Təşəkkür elan edildi

”Yeni Azərbaycan” qəzeti
”Səs” qəzeti
“525-ci qəzet”
AzərTAC