Səbail rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi
16.10.2019Oktyabrın 16-da Milli Azərbaycan Tarixi Muzeyində Səbail rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Bakı Beynəlxalq Multikulturalizim mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya fəalları və gənclər iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olundu.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirdi. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd etdi ki, Ümummilli Liderimizin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yüksəlir.
Tədbir iştirakçılarını 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay kimi qısa müddətdə formalaşdırdığı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerinə yetirdiyi tarixi xidmətlər və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündən-günə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat verdi.
Bugünkü tədbirin çox əlamətdar və şərəfli tarixi günə təsadüf etdiyini bildirən deputat diqqətə çatdırdı ki, 16 oktyabr Azərbaycanın müasir tarixinə həm də “91-lər”in Heydər Əliyevə tarixi müraciətini ünvanladığı gün kimi daxil olmuşdur. Belə bir əlamətdar gündə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş hadisəni – Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 28-ci ildönümünün qeyd olunması bayram əhval-ruhiyyəsini daha da yüksəldir. Millət vəkili müstəqilliyin hər bir dövlət və vətəndaş üçün böyük sərvət və yüksək nailiyyət olduğunu vurğulayaraq bildirdi ki, bir xalqın öz taleyinin, sərvətlərinin sahibi olması ilə xarakterizə olunan müstəqilliyi heç nə ilə müqayisə etmək mümkün deyildir. Ş.Hacıyev qeyd etdi ki, Azərbaycanın qədim dövlətçilik tarixi son 100 ildə xüsusilə çətin, ziddiyyətli, eyni zamanda şərəfli inkişaf yolu keçmişdir. Bu tarixi təcrübəni əsaslı şəkildə öyrənmək və müvafiq dərslər çıxarmaq xüsusilə gənclərimiz üçün zəruridir, çünki gənc nəsil mövcud müstəqilliyimizin dəyərini bilmək və onu lazımi şəkildə qorumaq üçün bu müstəqilliyin necə çətinliklər, qurbanlar və fədakarlıqlarla əldə olunduğu bilməlidirlər. Qürurverici və fərəhləndirici faktdır ki, əsrin əvvəllərində məhz Azərbaycan xalqının yaratdığı və müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə müstəqil dövlətçilik tarixinin bünövrəsini formalaşdırdı. Azərbaycan üçün 70 illik Sovet dövrünü iki mərhələdə təhlil edən deputat tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 1920-1969-cu illərdə Azərbaycan üçün repressiyalar, Azərbaycanın işıqlı ziyalılarının pantürkist damğası altında məhv edilməsi, sürgünlərə göndərilməsi, dəfələrlə Azərbaycan türklərinin öz tarixi torpaqlarından deportasiya edilməsi, müsəlman respublikası olduğuna görə Mərkəzi Hakimiyyət tərəfindən ədalətsizliyə, ayrı-seçkiliyə və s. məruz qalması ilə yadda qaldı. Bu dövrdə Azərbaycan xalqı nə öz taleyinin, nə də milli sərvətlərinin sahibi deyildi. Lakin 1969-cu ilin iyulunda Heydər Əliyev ölkə rəhbərliyinə təyin olunması ilə qısa zamanda vəziyyət tamamilə dəyişdi. SSRİ tərkibində formal müstəqil olan Azərbaycan məhz Heydər Əliyevin şəxsi fitri istedadı, siyasi iradəsi, təşkilatçılıq qabiliyyəti, milli mənafeləri hər şeydən üstün tutması və vətənpərvərliyi sayəsində cəmi 13 il ərzində Sovetlər İttifaqının müttəfiq respublikaları arasında inkişaf səviyyəsinə görə ilk üçlüyə daxil oldu. Beləliklə 1969-cu ildə geridə qalmış aqrar ölkə olan Azərbaycan SSR 1982-ci ildə sənayecə inkişaf etmiş, bütün sosial-iqtisadi göstəricilərə görə ön sıralarda qərarlaşmış və özünü təmin edən iki respublikadan biri olmuşdu. Vurğulandı ki, müasir müstəqil Azərbaycanın iqtisadi bünövrəsi, milli maraqları və həmrəylik, birlik ideologiyası məhz Sovet dövründə Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə formalaşdı.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələnən proseslər, o cümlədən 1988-ci ildən etibarən ölkəni bürüyən milli oyanış, milli dəyərlərimizə və köklərimizə qayıdış hərəkatı, SSRİ-nin dağılması və s. haqqında geniş danışan millət vəkili bildirdi ki, Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı tarixi bəyənatı, SSRİ rəhbərliyinə qarşı sərt ittihamları və 90-cı illərin əvvəllərindən etibarən Naxçıvandakı fəaliyyəti, qəbul etdiyi müdrik və cəsarətli qərarlar – SSRİ-nin saxlanılması məqsədi ilə keçirilən Referendumun boykot edilməsi, Naxçıvan MSSR-nin adından “sovet sosialist” sözlərinin götürülməsi, AXC-nin üçrəngli bayrağının Dövlət Bayrağı elan edilməsi və s. müstəqillik yolunda atılan ilk addımlar kimi onun əldə olunmasında müstəsna rol oynadı. Bu mənada əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında müasir Azərbaycanın müstəqilliyinin banisidir. Qeyd olundu ki, 18 oktyabr tarixindən sonra 1991-1993-ci ilin iyununa qədər olan dövr ərzində gənc və təcrübəsiz Azərbaycan dövlətinə rəhbərlik edənlərin səriştəsiz fəaliyyəti, daha dəqiq desək fəaliyyətsizliyi, xüsusilə AXC-Müsavat cütlüyünün biabırçı, rüsvayçı və xəyanətkar rəhbərliyi nəticəsində ölkədə cərəyan edən hərc-mərclik, tənəzzül və itaətsizlik-anarxiya, yaranan ciddi siyasi, iqtisadi, sosial və hərbi böhran, torpaqlarımızın işğalı Ulu Öndər Heydər Əliyev tərəfindən dayandırılmasaydı, Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq və siyasi xəritədən silənmək təhlükəsi ilə qarşılaşardı. Bu mərhələdə Yeni Azərbaycan Partiyasının yaranmasının əvəzolunmaz roluna diqqət çəkən Ş.Hacıyev vurğuladı ki, Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi və dəstəyi ilə sivil, demokratik seçki vasitəsilə hakimiyyətə gələrək, əslində bütün yaxın coğrafiya üçün siyasi mədəniyyət nümunəsi təqdim etdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin müstəqil dövlətçilik tariximizin ən taleyüklü, mürəkkəb eyni zamanda şərəfli dövrü olduğunu qeyd edən deputat, dahi rəhbərin böyük uzaqgörənliklə yerinə yetirdiyi tarixi xidmətlər sırasında yerinə yetirdiyi xilaskarlıq missiyasını, formalaşdırdığı dövlətçilik sistemi və zəruri iqtisadi institutları, bütün sosial-iqtisadi sahələrdə reallaşdırılan əsaslı islahatları, müstəqil Azərbaycanın ilk yeni Konstitusiyasının qəbulunu, iqtisadi inkişafımızın qarantı olan “Əsrin Müqaviləsi”nin imzalanması və şah əsəri olan müstəqil Azərbaycanı özü qədər inandığı layiqli siaysi davamçısına etibar etməsini xüsusi vurğuladı.
2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keyfiyyətcə tamamilə yeni dövrün başladığını qeyd edən Ş.Hacıyev diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə əsaslanan İlham Əliyev siyasəti nəticəsində bu gün Azərbaycanın əmin-amanlıq, ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, ölkəmizdə əsrlərlə formalaşmış multikulturalizm ənənələri, tolerantlıq və dini dözümlülük mühiti dünya üçün nümunəvi modeldir. “Son 16 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm inkişaf yolu keçib, müstəqil dövlətçiliyimiz daha da möhkəmlənib, əbədi, dönməz və sarsılmaz olub, ölkəmizin əsaslı iqtisadi potensialı formalaşıb, Azərbaycan nəhəng qlobal və regional enerji, nəqliyyat layihələrinin təşəbbüsçüsünə və iştirakçısına çevrilib. Artıq hansısa qüvvələr heç bir şəkildə Azərbaycanın müstəqilliyinə kölgə sala bilməz. İlham Əliyev siyasətinin mərkəzində duran ən mühüm amil insan və onun rifahıdır. Son bir ildə iki mərhələdə reallaşdırılan sosial proqramlar nəticəsində əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi və bu müsbət inkişaf tendensiyasının eyni dinamika ilə davam etdirilməsi bunun bariz sübutudur. Bir daha hər birinizi Dövlət Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və hamınızı ölkə rəhbərimizin xalqımızın milli maraqlarına xidmət edən siyasəti ətrafında sıx birləşməyə dəvət edirəm ki, müstəqilliyimizi birlikdə qoruyaq və daha da möhkəmləndirək.”
Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru Rəvan Həsənov müstəqil dövlətçiliyimizin olmasını xalqımızın mübarizliyi və azadlıq sevgisindən qaynaqlandığını qeyd edərək XX əsrin 90-cı illərin əvvəllərində respublikamızda yaranmış mürəkkəb vəziyyət, səriştəsiz, bacarıqsız rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində gənc Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin taleyi ilə üzləşmə təhlükəsi haqqında danışdı. R.Həsənov bildirdi ki, 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycan dövlətinin qurulmasını istəməyən qüvvələr ölkəmizdə milli zəmində etnik qarşıdurmalar yaratmaq üçün çalışırdılar. Ölkənin cənubunda, şimalında, eləcə də qanlı döyüşlərin getdiyi Dağlıq Qarabağda separatizm meylləri və ölkəmizi parçalamaq cəhdləri çox utancverici bir vəziyyət yaratmışdı. Xalqımızın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk növbədə bu separatizm meyllərinin, vətəndaş müharibəsinin qarşısını aldı, Azərbaycanda bütün millətlərin yaşaması, sülh, qarşılıqlı anlaşma çərçivəsində öz mədəniyyətlərini, tarixini təmsil etməsi üçün şərait yaratdı və beləliklə xain qüvvələrin Azərbaycanla bağlı məkrli planları baş tutmadı. Azərbaycanda əsrlərlə mövcud olan multikulturalizm ənənələrinin daha da möhkəmlənməsində, burada yaşayan bütün millətlərin mehriban qonşuluq, dostluq şəraitində yaşamasında, ölkəmizdə vicdan, din, etiqad azadlıqlarının təmin olunmasında və bu azadlıqların Ali qanunvericilik sənədi olan Konstitusiyamıza daxil edilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. R.Həsənov diqqətə çatdırdı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan qlobal səviyyədə multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycan xalqı bu gün Heydər Əliyevin ideyaları və İlham Əliyev siyasəti ətrafında birləşib, bu uğurlu yol Azərbaycanın firavan gələcəyinin təminatçısıdır.
Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova tədbir iştirakçılarını Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov adından salamlayaraq dövlət müstəqilliyimizin bərpasının 28-ci ildönümü münasibətilə hər kəsi ürəkdən təbrik etdi. Xalqımızın dövlətçilik tarixi boyunca bir neçə dəfə müstəqilliyini qazanmasını xalqımızın istiqlal əzminin göstəricisi olduğunu bildirən K.Həşimova qeyd etdi ki, Azərbaycan həqiqi müstəqilliyinə məhz Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qovuşdu, ölkəmiz sabitlik, inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən etibarən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorundu, möhkəmləndi və Azərbaycan bu gün bütün parametrlər üzrə inkişafını davam etdirir.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi dos. Bəhman Kərimov “Müstəqillik illərində Azərbaycanda mədəni quruculuq” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında bədii hissə ilə yekunlaşdı.
”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti