2016-cı il Referendumu təşviqat kampaniyası_20-ci sahə seçicilərilə görüş
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumla əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində 16 sentyabr 2016-cı il tarixində Səbail rayonunun 20-ci sahə seçiciləri ilə görüş keçirildi.
Görüş iştirakçılarını salamlayan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev çıxış edərək bildirdi ki, bugünkü görüşün əsas məqsədi referendumla bağlı rayon seçiciləri arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır. Bütün seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gəlməyə dəvət edən sədr, hər kəsi ümumxalq səsverməsinə təqdim olunmuş Referendum Aktını dəstəkləməyə və əsas qanunumuza təklif olunan dəyişikliklərə və əlavələrə səs verməyə çağırdı.
Əsas qanunumuza edilən bu dəyişikliklərin ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm mərhələ olacağını qeyd edən Ş.Hacıyev, Konstitusiyanın qəbulunun, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin hər bir ölkənin ictimai-siyasi həyatında çox böyük tarixi hadisə kimi qarşılandığını vurğuladı.
Ş.Hacıyev: “Əsas qanunumuza edilən bu dəyişikliklər ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm mərhələ olacaqdır. Bu dəyişikliklərin təsdiq olunması ilə Azərbaycanda ictimai-siyasi sistemin elə bir platforması yaradılacaqdır ki, bu sistem demokratiya, liberal cəmiyyət, iqtisadiyyatın idarə olunmasının səmərələşdirilməsi və s. nöqteyi-nəzərlərdən bütün dünyaya nümunə ola biləcəkdir. Azərbaycan bu gün bir çox məsələlərdə – tolerantlıq, multikulturalizm, vicdan azadlığı, insan haqlarının qorunması və s. sahələrdə dünya üçün müsbət nümunə kimi təqdim olunur. Bütün bunlar təbii ki, Azərbaycan Prezidentinin çox düşünülmüş, cəsarətli, müstəqil, tarazlı siyasət həyata keçirməsi sayəsində mümkün olmuşdur. Bizim yolumuz Heydər Əliyev yoludur, bizim yolumuz İlham Əliyev yoludur, bu yol bizi çox böyük uğurlara, tərəqqiyə və rifaha aparacaqdır. “