2016-cı il Referendumu təşviqat kampaniyası_Azərbaycan Xalça Muzeyində görüş

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumla əlaqədar 08 sentyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində görüş keçirildi.

“Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyevin, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın və “Xalçaçılar” ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsulovun iştirak etdiyi görüşdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Ulu Öndərin həyatını, zəngin dövlətçilik fəaliyyətini əks etdirən videofilm nümayiş olundu.

Muzey rəhbərliyini və kollektivini səmimi qəlbdən salamlayan Şəmsəddin Hacıyev Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı sentyabrın ayının 26-sına təyin olunmuş ümumxalq səsverməsi (referendum) barədə ətraflı danışaraq, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunma tarixi, Sovet dönəmində 1921-ci il, 1927-ci il və 1937-ci illərdə qəbul olunmuş Azərbaycan Konstitusiyaları, Sovet imperiyası tərkibində formal müstəqil olan Azərbaycan SSR-nin Heydər Əliyevin şəxsi nüfuzu və cəsarətli siyasəti nəticəsində 1978-ci ildə qəbul olunmuş Konstitusiya barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.

Ş.Hacıyev: “Hazırda ümumxalq səsverməsinə çıxarılan Referendum Aktı böyük əhəmiyyət kəsb edir. Ediləcək əlavə və dəyişikliklər dövlətçiliyimizin inkişafına bilavasitə töhfə verəcəkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş strateji hədəf və vəzifələrin reallaşması ana qanuna hazırda təklif olunan dəyişiklikləri zəruri edir. Post-neft dövrünə qədəm qoyan Azərbaycanın iqtisadi modeli dəyişir, biz hüquqi dövlətdə yaşayırıq, hüquqi cəmiyyətdə bütün institusional dəyişikliklərin hüquqi əsası olmalıdır, bu da qanunvericilikdə vaxtlı-vaxtında müvafiq dəyişikliklərin edilməsini tələb edir. Çünki, müvafiq qanunvericilik bazası yoxdursa, nəzərdə tutulan siyasi, iqtisadi və institusional dəyişikliklərin hüquqi əsası da olmur. Cəmiyyət inkişaf etdikcə müşahidə olunan tərəqqi əsas qanuna edilən dəyişiklikləri labüd edir.”