2016-cı il Referendumu təşviqat kampaniyası_İlk dəfə səs verəcək gənclərlə görüş
Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində 20 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin seçki qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucovun iştirak etdiyi görüşü “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev açıq elan etdi. Cəmiyyət həyatındakı bütün münasibətləri və prosesləri tənzimləyən ali qanun sənədinə dəyişikliklərin edilməsini, tarixi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirən sədr, bu prosesdə gənclərin iştirakının vacibliyindən danışaraq, ilk dəfə səs verən gənclər arasında düzgün maarifləndirmə işinin təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Ş.Hacıyev: “Konstitusiya dəyişiklikləri cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni həyatında gedən mütərəqqi proseslərlə bağlıdır. Konstitusiyamıza edilən son dəyişiklərdən sonra ötən müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli irəliləyişlər müşahidə olunmuş, ölkəmizdə yeni cəmiyyət tipinə keçid reallaşmış, Azərbaycanın iqtisadi modelinə korrektələr edilmiş, milli təsərrüfat sisteminin iqtisadi əsasları dəyişikliyə uğramış, ölkədə neftdən asıllığın azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi kimi tendensiyalar yaranmışdır. Məhz bu tərəqqi və cəmiyyət həyatının bütün sahələrində əldə olunan misilsiz uğurlar ölkənin əsas qanununun daha da təkmilləşdirilməsinə ciddi ehtiyac yaradır. Konstitusiyamıza ediləcək dəyişikliklər demokratik dəyərləri cəmiyyət həyatına daha geniş miqyasda nüfuz etdirməklə yanaşı, ölkədə azad hüquqi dövlətin institusional əsaslarını daha da möhkəmləndirəcəkdir. Bu dəyişikliklər Konstitusiyamızın özünü də zənginləşdirərək, milli qanunvericilik bazamızı xeyli gücləndirəcəkdir. Bütün dəyişikliklərin düşünülmüş və elmi cəhətdən əsaslandırılmış əsası var və nəzərdə tutulan bütün dəyişikliklər tamamilə sivil və demokratik cəmiyyət standartlarına uyğun olduğunu göstərir.”