2016-cı il Referendumu təşviqat kampaniyası_İlkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq

27 iyul 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirildi.

Yığıncaq sədri prof. Şəmsəddin Hacıyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2016-cı il tarixli sərəncamı, Konstitusiya Məhkəməsinin ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı müsbət rəy verməsi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli sərəncamı barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. YAP Mərkəzi Aparatı tərəfindən “Yeni Azərbaycan” təşəbbüs qrupunun yaradılmasından bəhs edən sədr bildirdi ki, YAP-ın rayon təşkilatlarında referendum üzrə ilkin təşəbbüs qruplarının yaradılması prosesinə artıq başlanılmışdır. Hər təşkilatda 50-70 nəfərdən ibarət təşəbbüs qruplarının yaradılması məqbul hesab olunmuş, Səbail və bir neçə digər böyük rayonlarda isə partiya üzvlərinin sayı və yerləşdikləri ərazi nəzərə alınaraq təşəbbüs qruplarında təmsil olunacaq nümayəndələrin kvotası bir qədər artırılmışdır. Qeyd olundu ki, bugünkü yığıncağın da məqsədi Səbail rayonu üzrə ilkin təşəbbüs qrupunun yaradılmasından və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün rayon üzrə nümayəndələrin müəyyən edilməsindən ibarətdir.

Müzakirələrdən sonra referendumla bağlı Səbail rayonu üzrə 84 nəfərlik ilkin təşəbbüs qrupu yaradıldı və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün 8 nəfər nümayəndə müəyyənləşdirildi.