2016-cı il Referendumu təşviqat kampaniyası_Qadın seçicilərlə görüş
08 sentyabr 2016-cı il tarixində Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində qadın seçicilərlə görüş keçirildi. YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının və İdarə Heyətinin üzvlərinin, rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin, rayonun fəal qadınlarının iştirak etdiyi yığıncağı açıq elan edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn referendumla əlaqədar Səbail rayon seçki qərargahında aparılan hazırlıq işləri, keçirilən görüşlər və təşviqat kampaniyası çərçivəsində gələcək həftələrdə nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verdi.
Ş.Hacıyev: “Azərbaycan kiçik dövlət olmasına baxmayaraq dünyada sayılıb-seçilən ölkələrdəndir, biz bu gün Avropanın enerji təchizatında və enerji təhlükəsizliyi siyasətində böyük rol oynayırıq, ötən dövr ərzində ölkəmiz dünya birliyinə daha fəal və intensiv inteqrasiya edib. Azərbaycan hazırda müharibələrin getdiyi, böyük siyasi oyunların oynanıldığı təhlükəli regiona coğrafi baxımından çox yaxındır. Bu səbəblə də, dövlətçiliyimizin təhlükəsizliyinin qorunması, iqtisadi artımın iqtisadi-sosial bazislərinin möhkəmlənməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi xüsusilə vacibdir. Konstitusiyamıza təklif olunan dəyişikliklər də məhz bu məqsədləri özündə ehtiva edir. Təklif olunan dəyişikliklər bizim iqtisadi-siyasi sabitliyimizin qarantıdır, biz də müstəqilliyimizin daha da möhkəmlənməsinə və firavan gələcəyimizə səs verməliyik.”