2016-cı il Referendumu təşviqat kampaniyası_rayon ictimaiyyəti nümayəndələri ilə görüş

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi 19 sentyabr 2016-cı il tarixində seçicilərlə növbəti görüşünü keçirdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatında keçirilən görüşdə Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Dəmir Yolları şöbəsinin əməkdaşları və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsindən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bugünkü tədbirin əsas məqsədi sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon veteranları ilə görüşün keçirilməsi, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin yeni yaradılmış Dəmir Yolları şöbəsinin üzvlərinə veteran vəsiqələrinin təqdim olunmasından ibarətdir.

Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu vurğulayaraq, dövlət tərəfindən veteranların sosial rifahının yaxşılaşması və ehtiyaclarının qarşılanması istiqamətində indiyədək ciddi işlər görüldüyünü və bu qayğının günü-gündən artırıldığını diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı sentyabrın ayının 26-sına təyin olunmuş ümumxalq səsverməsi (referendum) barədə danışan millət vəkili Azərbaycan Konstitusiyalarının qəbul olunma tarixindən, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə – 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilməsindən, bilavasitə 2009-cu ildən etibarən keçən müddət ərzində ölkəmizin siyasi və iqtisadi inkişafında baş verən əhəmiyyətli irəliləyişlərdən və həyata keçirilən siyasi, iqtisadi islahatlardan ətraflı bəhs etdi.

Ş.Hacıyev: “Konstitusiyamızda edilən dəyişikliklər sırasında ən mühüm istiqamətlərdən biri dövlətçiliyimizin möhkəmləndirilməsi, azərbaycançılıq idealogiyasının həyata keçirilməsi ilə bağlı olan müddəalarla əlaqədardır. Yeni dəyişikliklər ölkə daxilində etnik, dini, əqidə zəminində münaqişə yaradan, dövlət əleyhinə çağrışlar edən və s. bu kimi hərəkətlərə yol verən bütün təşkilatların, təxribat məqsədli qrupların fəaliyyətinə qadağalar qoyacaqdır, vahid mərkəzdən idarə olunan silahlı qüvvələr yaradılacaqdır, bu addımlar da alqışlanmalıdır. Biz aprel hadisələrində gördük ki, silahlı qüvvələrimiz, ordumuz nə qədər cəsarətli, necə qüdrətli bir orduya çevrilib. Bu dəyişikliklərlə biz ordumuzu daha da gücləndiririk, bütün silahlı qüvvələrimizi Ali Baş Komandanımızın bilavasitə tabeçiliyində birləşdiririk. Çünki ordumuz qüdrətli olmalıdır, ordumuz qarşıya qoyulan hər bir vəzifəni yerinə yetirməyə hazır olmalıdır. Bu gün Azərbaycanda çox böyük fəxrlə demək olar ki, iqtidar-xalq birliyi olduğu kimi iqtidar, ordu və xalq birliyi də mövcuddur və bu birlik sarsılmazdır.”