Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasındakı əməkdaşlıq əlaqələri ABŞ-da müzakirə olundu
28 noyabr – 03 dekabr 2016-cı il tarixlərində Səbail rayonunun nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə oldular.
Səfər çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Nyu-York şəhərinin əhali cəhətdən ən böyük rayonu olan Bruklin inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams və Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Mariyetta Rozental ilə görüşdülər. Görüşdə 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olundu.
Daha sonra Azərbaycan nümayəndə heyəti Bruklində fəaliyyət göstərən “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinə baş çəkib. Burada Mərkəzin rəhbəri Alyona Bədəlova və heykəltəraş Emin Quliyev tərəfindən mərkəzin fəaliyyəti barədə məlumat verildi. Qonaqlar mərkəzin tələbələri olan uşaq və gənclərin rəsm işləri ilə tanış oldular. Qeyd olundu ki, bir neçə il fəaliyyət göstərən bu mərkəz Azərbaycan mədəniyyəti və incəsənətini təşviq edir. Mərkəzin tələbələrinin Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqramlarının Bruklində keçirilən müxtəlif bayram və festivallar zamanı nümayişi artıq ənənə halını alıb. Mərkəzdə valideynləri azərbaycanlı olan 150 məktəbli yaradıcılıqla məşğul olur.