Səbail rayonunda “8 Mart – Beynəlxalq Qadınlar günü” qeyd edilib
04 mart 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının Qadınlar Şurası “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə bayram tədbiri keçirib.
Rayon partiya təşkilatının Qadınlar Şurasının üzvlərinin və rayon ictimaiyyətinin fəal qadınlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev qadınları təbrik edib və müasir dövrümüzdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rollar haqqında geniş danışıb.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova və əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovacəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli rolu və əməyi olan, ictimai fəallığı ilə diqqət çəkən, ölkədə davam edən inkişaf prosesində fərqlənən qadınlarımızın, analarımızın Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib övlad böyüdülməsindəki əvəzedilməz xidmətlərindən danışaraq əhalinin sosial müdafiəsinin təminatında qadınlara xüsusi diqqətlə yanaşılmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd ediblər.
Daha sonra Səbail rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə fəxri fərmanlar təqdim olunub.