Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüş
22 dekabr 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.
Görüş Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının qərargahında keçirilb.
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu vurğulayan Ş.Hacıyev Azərbaycan dövlətinin, ölkə prezidentinin yürütdüyü sosial yönümlü siyasətdən də danışaraq, cəmiyyətin bütün təbəqələrindən olan insanların yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində son illərdə görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında da ətraflı məlumat verib. “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Təbii ki, bu nailiyyətlərin əldə olunmasında ölkə Prezidentimizin apardığı qətiyyətli və cəsarətli siyasətin, düzgün və vaxtında qəbul olunmuş qərarların böyük rolu vardır.”
Görüşdə çıxış edən veteranlar onları xüsusi diqqətdə saxladığı üçün Ş.Hacıyevə təşəkkürlərini bildiriblər. Çıxış edən Cəbrayıl Əliyev, Xələf Əşrəfov, Sərdab Orucov, Mirzə Kərimov, Aslan Əmrahov, Zərixanım Rəsulova və digərləri onları narahat edən problemləri dilə gətirərək əsas narahatçılaqlarının kredit faizlərinin ödənilməsi, Çernobıl əlilləri üçün “forma 88” sənədinin alınması, vetranların əksəriyyətinin işsiz olması, müavinətlərin ödənilməsindəki çətinliklər, nəqliyyat vasitələri marşurutlarının uyğun olmaması, mənzil növbələri ilə bağlı olduğunu qeyd ediblər.
Görüşün sonunda V çağırış Milli Məclis seçkilərində fəal iştirak edən veteranlara YAP Səbail rayon təşkilatının fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş veteranlara da partiya vəsiqələri təqdim olunub.