YAP Səbail rayon təşkilatında 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd edildi

Oktyabrın 17-də YAP Səbail rayon təşkilatının qərargahında 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirildi.

Rayon ictimaiyyəti nümayəndələri və partiya fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olundu.

SSRİ-nin süqutu ilə 1991-ci ildə dövlət müstəqilliyinin bərpasının Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş ən əlamətdar hadisə olduğunu qeyd edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycanın dövlət müstəqilliyini XX əsrdə ikinci dəfə bərpa etməsinin tarixi barədə ətraflı danışdı.

Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş Referendumda xüsusi fəallıq nümayiş etdirən partiya üzvlərinə və “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon seçki qərargahının üzvlərinə Fəxri Fərmanlar təqdim olundu. Qeyd olundu ki, YAP Səbail rayon təşkilatı bütün siyasi kampaniya gedişində fəallığı ilə seçilmiş və partiya təşkilatının sıravi üzvündən tutmuş rəhbər şəxslərinə qədər hər kəs referendumqabağı təşviqat kampaniyasında və seçki prosesində yaxından iştirak etmişlər.